Mədəni həyat

Mədəni həyat

 

Tarixi memarlıq abidələri
  • Buğurt Qalası

    Buğurt Qalası Şamaxı şəhərindən 20 km Şimal-Qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Mənbələrdə Buğurt qalası da adlandırılan qalanın XIII əsrdə tikildiyi bildirilir və onun istehkam qalası olduğu qeyd olunur. Qalanın adına XV əsrə aid qaynaqlarda daha çox rast gəlinir. 1509-cu ildə 1 Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518 -ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.Səfəvi - Osmanlı müharibələri  zamanı Osmanlılar  bu qalanı ələ keçirib öz dayaq mərkəzinə çevirmişdilər. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub. 



    Ünvan:
    Şamaxı, Qəleybuğurt kəndi
  • Diribaba Türbəsi

    Diribaba Türbəsi Qobustan rayonununda, dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Diribaba türbəsi  həm də xatirə məscidi vəzifəsini daşıyır. Birinci mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdən fasadda iki çatmatağla qeyd edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir.Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir. Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir.Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.



    Ünvan:
    Şamaxı, Mərəzə kəndində
  • Gülüstan qalası

    Gülüstan qalası–Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir
    El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Gülüstan qalasının gözəllikdə tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir. Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar.
    Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmiş və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim almışdır. Qalanın şimal-qərb qurtaracağında içqalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın şəhərə baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir.



    Ünvan:
    Şamaxı şəhərinin şimal-qərb hissəsi
  • Kələxana Türbələr kompleksi

    Kələxana Türbələri XVII əsrin monumental abidələri sırasına daxil edilməyə layiq olan memarlıq nümunələrindən biri Şamaxının Kələxana kəndindəki türbələr kompleksidir. Təxminən 205x150 metr sahədə yerləşən bu türbələrin sayı vaxtilə 9 olmuşdur. Hazırda isə onlardan 8-i qalır. Bunlardan yeddisi yaxşı qalmışsa da,səkkizinci türbə dağınıq haldadır.
    Üçüncü türbənin qarşısında,onu əhatə edən divar və divarın bir tərəfində giriş portalı şəklində düzəldilmiş tikililər vardır. Kələxana türbələri Azərbaycan memarlığı üçün səciyyəvi olan səkkizbucaqlı türbələrdir. Türbələrin gövdəsi səkkizbucaqlı prizma, örtükləri isə səkkizbucaqlı piramida şəklindədir. Türbələrin hamısına səliqə ilə yonulmuş ağ daşdan üz çəkilmişdir. Kələxana türbələri bir-birinə çox oxşamır, onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Türbələrin fərdi xüsusiyyətlərini, əsasən, onların giriş qapısında görmək mümkündür. Burada ər türbənin qapısı müxtəlif şəkilli çərçivəyə alınmış, bəzi qapıların yuxarısında lövhələr yerləşdirilmişdir. Türbələrin birinin üzərində kitabə vardır ki, burada binanın1663-cü ildə Sərkər Əbdülün rəhbərliyi tikildiyi göstərilmişdir.



    Ünvan:
    Şamaxı, Kələxana kəndi
  • Pir Mərdəkan xanəgahı

    Pir Mərdəkan xanəgahı Azərbaycan Respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır.
    Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 –1203–cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir.
    Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xətti ilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir. Allah onlara rəhmət eləsin..."
    Türbədə olan ikinci kitabəyə əsasən onun tarixini dəqiqləşdirmək mümkündür. Qapıdan girən yerdə sol divara nəsb edilmiş iki sətirlik bu kitabənin kiçik bir hissəsi salamat qalmışdır: "Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr. Müəllif aydınlaşdırır ki, bu hökümdar Şirvanşah III Böyük Mənuçöhrün oğlu Şirvanşah I Fərruxzaddır. O da XIII əsrdə yaşamışdir. Alim qeyd edir ki, Cənubi Azərbaycanda Mədək adlı yer vardır. "-ani" şəkilçisi qəbrin sahibinin oralı olduğunu bildirir. "Mədəkani" sözü tarix ötdükcə dəyişmiş "Mərdəkan" şəklinə düşmüşdür.



    Ünvan:
    Şamaxı, Göylər kəndi
  • Yeddi Günbəz

    Şamaxı qəbirstanlığındaki Yeddi Günbəz türbələr kompleksi 18-ci əsrin əvvələrinə aiddir. Hal-hazırda türbələrdən yalnız üçü tam salamat qalmışdır. Digərlərinin günbəzləri üçmuş, bəzilərinində divarları dağılmışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur.
    Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır.
    “Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.
    Günbəzlərin inşa tarixi təqribən 150 ildir. Bu günbəzlər Şamaxı şəhərinin qəbristanlığındadır. Vaxtilə burada yeddi günbəz - türbə tikilmişdir. Lakin onlardan biri hal - hazırda tamamilə, digər üçü isə yarıyadək dağılmışdır. Digər üç günbəz -türbənin birində iki, o birində isə altı qəbir vardır. Deyilənlərə görə, bu qəbirlər Mustafa xanın ailəsinə aiddir. Dağılmış günbəzlər - türbələr də səkkizguşəli olmuşlar.
    Beşinci günbəz - türbə də səkkizguşəli olub, giriş qapısının üstündə bir daş kitabə həkk edilmişdir. Bu günbəz də sal daşlarla hörülmüşdür. İçərisində isə dörd qəbir vardır.
    Altıncı günbəzin yarısı sökülüb dağıdılmışdır. Burada isə dörd qəbir vardır.
    Yeddinci günbəz – türbə də səkkizguşəlidir. Giriş qapısının üstündə daş kitabə həkk edilmişdir. Burada üç qəbir yerləşmişdir.
    Günbəz - türbələrin hündürlüyü 5 metr, iç sahəsi hamısında eyni olub, 4x4 metrdir.



    Ünvan:
    Şamaxı, Şəhriyar kənd yolu
  • “31 mart 1918-ci il Şamaxı soyqırımı” abidəsi

    31 mart 1918-cil soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Şamaxı şəhərinin Azadlıq küçəsində xatirə kompleksi inşa edilmişdir. Şamaxıda  erməni daşnaqları tərəfindən törədilmiş bu soyqırımı heç vaxt unudulmayacaqdır.



    Ünvan:
    Şamaxı, Azadlıq küç.
Sərgi mərkəzləri
  • Heydər Əliyev Mərkəzi

    Şamaxının mərkəzi hissəsində Heydər Əliyev adına parkın ərazisində Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Üçmərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Mərkəzdə multimedia, xalq yaradıcılığı, rəsm dərnəkləri, elektron kitabxana, kompyuter mərkəzi və digər bölmələr yerləşir. Konfrans zalında Heydər Əliyevin keçən əsrin 70-80-ci illərindəki fəaliyyətini və Onun Şamaxı rayonuna səfərlərini əks etdirən fotoguşə var. 45 nəfərlik kino zalında Ümummilli liderin Azərbaycanın müstəqillik illərindəki fəaliyyətini əks etdirən fotoşəkillər və filmlər nümayiş etdirilir. Açıq zalın bir hissəsində  Ulu öndərin fəaliyyətinin Moskva və Naxçıvan dövrlərini əks etdirən fotoşəkillər asılıb, digər hissədə isə “Heydər Əliyev dünyanın gözü ilə” guşəsi yaradılıb. Burada Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər də nümayiş etdirilir. Mərkəzdə Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılıb.



    Ünvan:
    Şamaxı şəhəri, Heydər Əliyev prospekti.
    Telefon:
    020-265-15-03
  • Şamaxı İncəsənət Təhsil Mərləzi

    Bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir və  1995-ci ildən isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılıb.2013- cü ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı İncəsənət Təhsil Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib. Burada “Azərbaycan keçmiş əsrlərdə və bu gün“ mövzusunda təqdim olunan sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri, həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş etdirilir.Şamaxı İncəsənət Təhsil Mərkəzində tanınmış mədəniyyət xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlarla zəngindir. Mərkəzdə ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılıb. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunur. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib. Binada müasir elektrik və istilik sistemləri quraşdırılıb. Mərkəzin akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.



    Ünvan:
    Şamaxı şəhəri, Şirvan küç., 20
    Telefon:
    020-265-24-39
Muzeylər
  • iframe Mirzə Ələkbər Sabirin Ev Muzeyi

    Mirzə Ələkbər Sabirin Ev Muzeyi

    Şamaxı şəhərində yerlışən M.Ə. Sabirin ev–muzeyi, 1962- ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur. Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarının əməyi çox böyük  olmuşdur.
    Muzeyin yerlışdiyi hazırkı ikimərtəbəli bina 1979 – cu ildə tikilib istifadəyə verilmişdir. Muzeyin 6 sərgi salonu vardır. Birnci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə , səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX – XX əsrlərə aid məişət əşyaları , muzeyə verilən hədiyyələr, M.Ə. Sabirin müasirlərinin şəkilləri , tədqiqatçılarının əsərləri , “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.



    Ünvan:
    Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 48.
    Telefon:
    (+994 20) 265 34 63
  • Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi

    S.Ə.Şirvani adına Tarix – Diyarşünaslıq muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil edilmişdir.Muzeyin ilk rəhbəri filoloq – alim Bilal İbrahimov olmuşdur. Həmin vaxtı muzeyə xeyli sayda eksponatlar toplanılmış ,1948- cı ildə ekspozisiya tərtib edilmişdir. Sonralar muzeyə eksponotların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir.1950-2000- ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeloqlar- Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov xeyli arxeoloji materiallar muzeyə vermişlər. Hazırda muzeydə 7000- dən çox eksponota malikdir.Muzeyin foyesində Şamaxının kəndləri və onun tanınmış insanları haqqında məlumat bazası yaradılmışdır. Zəngin flora-fauna , Astofizika Rəsədxanası , palçıq vulkanları haqqında məlumat və eksponatlar muzeyin Diyarşünaslıq zalında nümayiş etdirilir.
    Otra əsr Şamaxı şəhərinin Avropalı səyyah- rəssamları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir.Muzeyin ”Şamaxı qədim dövrdə”, “Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi”, Şirvan çar Rusiyası dövründə”, “Şirvan Xalq Cumhuriyyəti dövründə” , “Şamaxı sovet dövründə”, “Şamaxı müstəqillik dövründə”adlı bölmələrdə də zəngin eksponatlar yerləşdirilmişdir.Muzey 2009- cu ilin noyabr ayında əsaslı təmir edilmişdir.



    Ünvan:
    Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 1005.
    Telefon:
    (+994 20) 265 54 13
Konsert zalları
  • iframe Şamaxı Mədəniyyət Sarayı

    Şamaxı Mədəniyyət Sarayı

    Əsasən Şamaxı Mədəniyyət Sarayında konsertlər, yubileylər, yaradıcılıq gecələri,sərgilər və bir sıra müxtəlif tədbirlər təşkil olunur.



    Ünvan:
    Şamaxı şəhəri, Nəriman Nərimanov küç., 80
    Telefon:
    (+994 20) 265 20 91